Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq
Ölkəmizin qlobal səviyyədə tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qoyulmuş idman siyasəti dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz nəticəsini verməkdədir. Fəxarətlə deyə bilərik ki, idmançılarımızın təmsil olunduğu elə bir beynəlxalq və ya regional idman yarışı yoxdur ki, oradan əliboş qayıtsınlar. Artıq Azərbaycan idman sahəsində dünyada özünü təsdiq edib, bir sözlə, dünyada idmanın yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır. Avropa və dünya çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər, həmçinin ölkəmizdə idmana olan yüksək maraq və dövlət dəstəyi beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının diqqət mərkəzindədir. Məhz buna görə də onlar beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə böyük həvəslə yanaşırlar. Mən “Bakı-2015” ilk Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını xatırlatmaq istərdim. Bütün dünya Azərbaycanın bu cür mötəbər idman yarışlarını necə səliqəli, möhtəşəm, nümunəvi şəkildə və peşəkar səviyyədə təşkil etdiyini maraqla izlədi. Bu, bilavasitə dövlətimizin başçısı İlham Əliyevin uğurlu idman siyasətinin təzahürüdür.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, yüksək nailiyyətlər qazanmış idmançılarımız dövlətin xüsusi qayğısı ilə əhatə olunur: “İlk əvvəl onu qeyd edim ki, həmin idmançılar dövlət başçısı tərəfindən qəbul edilir, prezident onlarla söhbətləşir, qələbələrinin əhəmiyyətini yüksək qiymətləndirir, bunun ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmlənməsində vacib olduğunu qeyd edir. Bu yaxınlarda Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı idmançılarımızın möhtəşəm çıxışı və əldə etdiyi yüksək nəticələrlə yadda qaldı. 7-si qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla ümumilikdə 16 medal qazanılması və ümumi sıralamada ölkəmizin birinci yeri tutması Azərbaycanın idman tarixinin şərəfli səhifəsidir və hər bir azərbaycanlını qürurlandırır. Bu uğura imza atmış güləşçilərimizi qəbul edən Prezident İlham Əliyev qazanılmış nəticəni yüksək dəyərləndirdi və ölkəmizin qüdrətinin nümayişi adlandırdı. Nitqində Prezident ölkəmizin idman qüdrətindən bəhs edərək bunu aparılan düşünülmüş və düzgün siyasətin məntiqi nəticəsi adlandırdı. Bu sahədə beynəlxalq səviyyədə əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir ki, ölkəmizin idman siyasəti düzgün qurulub, ildən-ilə inkişaf edir və daha böyük müvəffəqiyyətlər hələ qarşıdadır. Ölkəmizin, demək olar ki, bütün rayonlarında ən müasir tələblərə cavab verən olimpiya idman kompleksləri istifadəyə verilib və gənclərimiz buraya cəlb edilir, ardıcıl olaraq rəqabətədavamlı yeni-yeni idmançılar nəsli yetişir. İnanırıq ki, pis vərdişlərdən uzaq, sağlam ruhda tərbiyə alan Azərbaycan gəncliyi bütün sahələrdə ölkəmizi indi olduğu kimi, ləyaqətlə təmsil edəcək və beynəlxalq imkanlarını genişləndirəcək”.

“Çıxışında dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində qələbəmizin əhəmiyyətinə də toxundu. Təbii ki, tariximizin bu səhifəsi bizim qürur yerimizdir. Əgər əvvəllər dünya ictimaiyyəti bizi kimlərinsə xəyanəti üzündən məğlub xalq kimi tanıyırdısa, artıq minillik tariximizin ən qüdrətli sərkərdələrindən biri, şanlı qələbimizin banisi İlham Əliyevin sayəsində müzəffər xalq kimi tanıyır və qəbul edir. Döyüş meydanında qazandığımız müdhiş qələbə idmançılarımıza beynəlxalq yarışlarda stimul verir, qələbəyə ruhlandırır, məğlubedilməzlik hissi aşılayır. Çünki onlar, Prezidentin sözləri ilə desək, qalib xalqı təmsil edirlər və bu da onları qələbəyə daha çox sövq edir”, – deputat qeyd edib.

“Dövlət başçısından daha bir böyük müjdə işğaldan azad edilmiş ərazilərdə idmanın inkişafı məsələsi oldu. Sevindirici haldır ki, Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması perspektivləri nəzərdə tutulub və orada salınan yeni şəhərlərin baş planında bu, öz əksini tapır. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə sakinlərini qarşılayacaq həmin ərazilərdə bu istiqamətdə atılacaq addımlar ümumilikdə ölkə idmanının inkişafına güc qatacaq və dünyanın idman aləmində mövqelərini daha da möhkəmləndirəcək”, – deyə S.Möhbalıyev fikrini belə tamamlayıb.

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo