Qisas qiyamətə qalmadı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u Xocalının intiqamını döyüş meydanında aldı.

Əsrin faciəsi kimi tarixə yazılan Xocalı qətliamı qəlblərdə yaşanan ağrı-acı, qaysaqlamayan yaradır. İnsanlığa qarşı amansız soyqırımı və bir gecədə məhv edilən şəhərdir – Xocalı…

Bəşər tarixinin ən dəhşətli qətliamlarından biri hesab olunan bu faciənin yükünü illərdir sinəmizdə daşıyırıq. Fevralın 26-da hamılıqla birləşib hər yana səs salırıq, günahsız körpələrin haqq səsini, ruhların harayını dünyaya yayırıq. İstədiyimiz tək ədalətdir, Xocalıya ədalət!

Bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Miqyası baxımından yalnız 1918-ci ilin mart soyqırımı ilə müqayisə oluna bilərdi. Ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi, qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi, meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başıaçıq, ayaqyalın qarlı çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılıları erməni faşistləri əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan müxtəlif silahlardan atəşə tutdular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Bir gecədə 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlumdur. Şəhər yerləyeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi. Onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.

Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. İgid xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar dururdu. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Azərbaycan Ordusunda vahid komandanlığın yoxluğu faciələrimizə, torpaqlarımızın itirilməsinə səbəb olurdu.

Əgər Ulu Öndər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi. Ona görə də xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini Heydər Əliyevə tapşırmaqda gördü.

Ümummilli Lider respublika rəhbərliyinə gələn kimi ilk addımlarından biri sovet tanklarının, silahlarının yedəyində irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkcə silahlı deyil, həm də siyasi əsaslarını uzun illər qabaq hazırlamışdılar.

Gərək nə qədər həyasız millət olasan ki, törətdiyin qətliamları, vandalizmi baçqasının üstünə atasan. Amma ermənilər buna da əl atdılar. Kütləvi qırğından dərhal sonra Xocalıya 32 ölkədən 47 jurnalist dəvət edib xarabazara çevrilmiş şəhəri dünyaya göstərib ağlaya-ağlaya deyirdilər ki, “azərbaycanlılar Xocalını yandırıb getdilər”, “azərbaycanlılar günahsız erməniləri qırdılar”.

Belə bir şəraitdə artıq xalqımızı dünyaya vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə qədər çətin idi. Ümummilli Lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi. Milli Məclisin qərarı ilə 26 Fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.

Unutmadıq, susmadıq, and içdik.

Torpaqlarımız itirilsə də, soyqırımlara məruz qalsa da, xalqımız bu qətliamlardan, faciələrdən qorxmadı, çəkinmədi. Bu qanlı qırğının törədildiyi vaxtdan illər keçsə də, faciənin dəhşətləri hələ də unudulmayıb, unudulmayacaq da.

Nə qədər ki beynəlxalq aləm XX əsrin dəhşətli faciəsi sayılan bu soyqırımına layiqli qiymət verməyib, günahkarlar cəzalandırılmayıb dünya azərbaycanlıları susmayacaq, illər keçdikcə daha möhkəm hayqıracaqlar.

Xalqımız dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu mübarizənin önündə isə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev durur.

Düzdür, ölkə Prezidentinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir.

2008-ci ildən, yəni 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyası sayəsində dünyanın əksər ölkəsində “Xocalıya ədalət!” sədaları eşidilir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.

Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

 Bütün bunlar Prezident İlham Əliyevin daxili və xarici siyasətinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Hər il dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.

Xocalı soyqırımının 20-ci, 25-ci və 27-ci ildönümlərində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Ana harayı” adibəsinə edilən ümumxalq yürüşləri isə dünyaya səs salıb desək, yanılmarıq.

Bu möhtəşəm yürüşlərdə öndə gedən Prezidentin arxasınca yürüyən 70 min insanın ayaq səsləri “Xocalıya ədalət!” hayqırtısı idi. Ali Baş Komandanın iştirakı ilə paytaxtda 3 dəfə  keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi sayılır.

Bu yürüşlər Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini bir daha nümayiş etdirdi. Bu aksiyalar təcavüzkar Ermənistana və onun havadarlarına növbəti mesaj idi – xalq işğalla barışmır, barışmayacaq da. Qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içmişdik – qisas qiyamətə qalmamalıdır. Qalmadı da…

28 il sonra alınan qisas

Bu qətliamdan 28 il sonra andımız gerçəkləşdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixində yeni səhifə açdı. 

Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.

Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.

Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Müzəffər Ordumuzun Qalib Komandanı İlham Əliyevin müjdələdiyi 8 Noyabr – Zəfər Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız, Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb”, – deyib həm kədər, həm də sevinc göz yaşları axıtdılar…

Bu gün ötən əsrin soyqırımının 30-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Soydaşlarımızın başına gətirilən bu müsibəti hayqırır, Xocalı faciəsində yaşananları bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Çatdırırıq ki, dünya birliyi qatil xislətli ermənilərin əsl üzünə yaxından bələd olsunlar.

Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsib. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük Ermənistan” ideyası, sadəcə, Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Amma Azərbaycanın “dəmir yumruğ”u bu təhlükənin qarşısını almaq üçün ən yetərli arqumentdir.

Erməni faşistləri artıq İkinci Qarabağ müharibəsinin nəticələrindən ibrət götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə, özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər. Əks təqdirdə qalib sərkərdə kimi Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edən Prezident İlham Əliyevin söylədiyi kimi, istənilən cəhdə qarşı tədbirlər görüləcək, təxribatçılar dərhal cəzalandırılacaq. Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan Prezidenti söylədiyi fikirləri reallığa çevirən liderdir. Əgər bundan sonra  separatçı, revanşist qüvvələr baş qaldırsa, nəticəsi onlar üçün çox ağır və  acı olacaq.

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo