“Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) 4-cü kurs tələbəsi Zəhra Əhmədzadənin “Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. 

Tədbiri giriş sözü ilə M.Cəfərzadə açaraq layihə barədə ümumi məlumat verib və qeyd edib ki, ATİAHİ Respublika Komitəsi yeni təşəbbüs və layihələrin, o cümlədən tələbələrin problemlərinin həllinə yönəlmiş layihələrin dəstəklənməsində maraqlıdır. M.Cəfərzadə bildirib ki, layihənin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların startap ekosistemində fəal iştirakının dəstəklənməsidir.

Sonra Z.Əhmədzadə layihə ilə bağlı təqdimat edib. Layihədə Azərbaycan universitetlərinin tələbə həmkarlar ittifaqı komitələrinin fəal iştirakı və birgə əməkdaşlığı ilə geniş işçi komandalarının yaradılması nəzərdə tutulur. Bu komandalar tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək, startap və innovasiya layihələrində gənclərin daha aktiv iştirakını təmin etmək üçün təşkil olunacaqdır. Həmçinin, müxtəlif universitetlərin tələbə həmkarlar ittifaqı komitələri arasında sıx əlaqələrin qurulması və ümumi məqsədlərə nail olmaq üçün qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması vacib hesab edilir.

Layihə çərçivəsində yaradılacaq işçi komandaları, gənclərin müxtəlif mövzularda müzakirələr aparmasını, praktiki bacarıqlarını təkmilləşdirməsini və real layihələr üzərində işlərini təmin edəcəkdir. Həmçinin, bu komandaların gələcək startap layihələrində müvəffəqiyyət qazanması üçün mentor dəstəyi və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.

Təqdimatdan sonra layihə ilə bağlı müzakirə həyata keçirilib və iştirakçıların fikir və təklifləri dinlənilib. 

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo