AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
“Sürətli inkişaf yolu keçən Azərbaycanda korporativ sosial məsuliyyət nümunələri geniş şəkildə müşahidə edilməkdədir. Əslində Azərbaycanda korporativ sosial məsuliyyət prinsipləri hələ 19-cu əsrin sonlarında neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digər sahibkarlar tərəfindən görülən xeyriyyəçilik tədbirlərində öz əksini tapmışdır. Həmin vaxtlar Bakıda məktəblərin, sağlamlıq və mədəniyyət ocaqlarının tikintisinə, Bakı Su Kəmərinin çəkilişinə, Bakı Dövlət Universitetinin yaradılmasına, həmçinin Avropa Universitetlərinə göndərilən gənclərə maddi yardımın göstərilməsinə xeyli vəsait ödənilmişdir. Hazırda ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır, sahibkarlar üçün əlverişli şərait yaradılır və belə olan təqdirdə biznes nümayəndələri daha çox gəlir əldə etməyə başlayırlar və elə bu zaman da onların cəmiyyət qarşısında sosial məsuliyyətləri meydana çıxmış olur. Dövlətimizin başçısı cənab İlham Əliyev öz çıxışlarında işəgötürənlər tərəfindən sosial məsuliyyətin vacibliyinin nəzərə alınmasını tövsiyə edərək demişdir: “Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”. Ölkəmizdə bir sıra şirkətlər bu gün könüllü şəkildə sosial məsuliyyətə qoşulmuşlar. Heydər Əliyev Fondu, Paşa Holdinq, “AzerQold” Qapalı Səhmdar Cəmiyyəti və bir sıra banklar, özəl təşkilatlar müxtəlif xeyriyyəçilik tədbirləri həyata keçirməklə bütövlükdə ölkənin tərəqqisinə müsbət təsir göstərirlər”.

Bu fikirləri korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramların icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimində çıxışı zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu gün korporativ sosial məsuliyyət prinsiplərinin ən yaxşı nümunələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının birinci müavini, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilməkdədir: “Məhz onun rəhbərliyi ilə Heydər Əliyev Fondu korporativ sosial məsuliyyətin əsas prinsiplərini reallaşdırır, cəmiyyəti narahat edən social problemləri həll edir, insanların həyat şəraitinin, təhsilinin səviyyəsinin, sağlamlığının yüksəldilməsi üçün layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə xeyli sayda körpələr evi, uşaq bağçaları, məktəblər, valideyn himayəsindən məhrum olan və uşaq evlərini bitirən gənclər üçün yaşayış binaları, səhiyyə, mədəniyyət ocaqları tikilir, 2020-ci il Vətən müharibəsi döyüşlərində yaralanmış əsgər və zabitlərin xarici ölkələrə müalicəyə göndərilməsi və onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi həyata keçirilən bir çox sosial əhəmiyyətli tədbirlərin bir qismidir. Heydər Əliyev Fondunun xeyriyyəçilik tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında etdiyi çıxışında demişdir: “Azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi əsaslı təmir edilib. Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.  Təkcə sadaladığım dini abidələrin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək”. Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eyni zamanda, Avropada, Asiyada, hətta Afrikada da müxtəlif sosial layihələr reallaşdırmaqla bütün dünyaya korporativ sosial məsuliyyətin nümunəsi təqdim edir”.

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları işçilərin sosial və iqtisadi mənafelərini müdafiə edən təşkilat kimi sosial tərəfdaşlarla əməkdaşlığı korporativ sosial məsuliyyət çərçivəsində də davam etdirir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında bağlanan «Həssas əhali qruplarının özünün məşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memoranduma» uyğun olaraq Nazirliyin Dövlət Məşğulluq Agentliyinin hesabına 200.000 (iki yüz min) manat vəsait köçürülmüşdür. Bu layihə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir. AHİK xeyriyyəçilik tədbirlərini davam etdirərək Azərbaycan Milli Elmlər Akademiyasına maliyyə dəstəyi göstərmək məqsədilə ulu öndər Heydər Əliyevin (95 illik) yubileyi münasibətilə gənc alimlərin qrant müsabiqəsinin və Azərbaycan Elm Festivalının təşkilinə ümumilikdə 30.000 manat maddi vəsait ayırmışdır. Təhsildə yüksək göstəricilər əldə edən 130 tələbəyə hər il ümumilikdə 38.000 manat adlı təqaüd, aztəminatlı ailələrdən olan 255 tələbəyə pulsuz yemək üçün 90.000 manata yaxın vəsait xərclənmiş, ehtiyacı olan tələbələrin təhsil haqqı ödənilmişdir. 2020-2021-ci illər ərzində Təhsil Kredit Fonduna 100.000 manat vəsait köçürülmüşdür”, – AHİK sədri bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi dövründə də şanlı ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirmişdir: “Vətən müharibəsi dövründə AHİK İcraiyyə Komitəsinin qərarları ilə AHİK və onun üzv təşkilatları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 1.036.815 manat ianə edilmiş, Qarabağ Dirçəliş Fonduna 600.000 manat vəsait köçürülmüş, “Yaşat” Fonduna 594.770 manat ianə edilmişdir.  Bundan əlavə Silahlı qüvvələrə və cəbhə bölgəsinə 1.610.771 manat maddi yardım olunmuşdur. Həmçinin qeyd edək ki, 13.735 şəhid ailəsinə və qaziyə 1.915.913 manatlıq birdəfəlik yardım göstərilmişdir. 172 şəhidin  286 övladı 18 yaşına çatanadək himayəyə götürülmüşdür. Bütün bunlarla yanaşı, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailəsi üzvləri sağlamlıqlarının bərpa olunması  məqsədilə istəklərinə uyğun olaraq sanatoriya-kurort yollayışları ilə təmin olunurlar. Pandemiya dövründə AHİK və onun üzv təşkilatları tərəfindən (2020-2021-ci ilin 9 ayı) ümumilikdə 16.025.177 manat məbləğində maddi və ərzaq yardımları göstərilmişdir. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 632.672 manat, “Regional İnkişaf” İctimai Birliyinin hesabına 705.000 manat vəsait köçürmüşdür.  114.724 aztəminatlı ailəyə 4.833.163 manatlıq yardım edilmiş, o cümlədən 76 şəhər və rayonda yaşayan aztəminatlı ailələrə iki dəfə ərzaq sovqatları paylanmışdır. Bunlarla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il «İlin ən yaxşı müəssisəsi (təşkilatı)» başlığı altında müsabiqə keçirir ki, bu müsabiqədə əməyin, ətraf mühitin mühafizəsi məsələsi önə çəkilir və qalib müəssisələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılırlar”.

S.Möhbalıyev vurğulayıb ki, sosial məsuliyyət anlayışının çox geniş və dərin mənası vardır: “Burada əsasən üç sahə – maliyyə, onun fəaliyyətinin cəmiyyətə və ətraf mühitə, ekologiyaya təsiri əsas götürülür. Bu, təkcə biznesə deyil, hökumətə, ictimai və könüllü təşkilatlara aiddir. Bu səbəbdən də hamı əlbir olmalı, Korporativ Sosial Məsuliyyət konsepsiyasının həllinə bərabər çalışmalıyıq. Tədbirin proqramına əsasən işəgötürənlərin müxtəlif nominasiyalar üzrə təltif olunması keçiriləcəkdir. Odur ki, təltif olunacaq işəgötürənləri təbrik edir, onlara uğurlar arzulayıram”.

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo