AHİK-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib
Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışıb.

Bildirib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra məqsədli şəkildə ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başladığı vaxtdan onlar soyqırımılarına əl atmışlar: “İrəvan, Naxçıvan və Qarabağada məskunlaşdırılan ermənilər havadarlarının köməyi ilə “Erməni vilayəti” yaratdılar. Bu süni ərazi bölgüsü ilə bilavasitə azərbaycanlıların öz torpaqlarından çıxarılması və məhv edilməsi siyasətinin əsası qoyuldu. Ardınca “böyük Ermənistan” xülyası ortaya atıldı. Bu qondarma ideyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başladıqları vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi”.

AHİK sədri vurğulayıb ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir: “O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər Yəhudi bacı və qardaşlarımız erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.

Konfederasiya sədri diqqətə çatdırıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.

Onun sözlərinə görə, Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncamla təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən bu hadisə geniş qeyd olunub”.

Milli Məclisin deputatı deyib ki, erməni vəhşiliyinə tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də şahid olduq: “Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi: “Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdir”.

“Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkirli əməllərinin cavabı layiqincə verildi. Minilliklə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bunla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi”, – deputat qeyd edib.

AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və regionun inkişafına təkan verəcək: “Yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz torpaqlarına qayıdacaq  və orada əbədi xoşbəxt yaşıyacaqlar. Bu istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr yekunlaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeni tikilən obyektlərin açılışlarını ediblər. Görülən işlər bir daha onu göstərir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaq”.

Sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixi və məqsədini, bu siyasətin acı nəticələrini, ermənilərin məkrli əməllərini, 1918-ci il mart soyqırımının törədilməsinin əsl səbəblərini xronoloji ardıcıllılqa ətraflı izah edib.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov ermənilərin xalqımıza qarşı torətdiyi soyqırımılar haqqında fikirlərini bölüşüblər.

Tədbirin yekununda S.Möhbalıyev şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb.

AHİK sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlərdə regionun lider dövlətinə çevrilib və bu nailiyyətlərin kökündə xalqımızın sarsılmaz birliyi dayanır.

S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi



Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo